|
Sumqayıt və Gəncə şəhər prokurorluqlarının yeni inzibati binaları istifadəyə verilib

Sentyabrın 27-də Sumqayıt şəhər prokurorluğunun yeni inşa olunmuş inzibati binası istifadəyə verilib.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, açılış mərasimində Baş prokuror Zakir Qaralov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və hüquq mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.

Əvvəlcə mərasim iştirakçıları yeni inzibati binanın foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, dahi insanın unudulmaz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.

Daha sonar Baş prokuror Z.Qaralov məlumat verərək bildirib ki, 4 mərtəbədən ibarət binanın foyesində ulu öndər Heydər Əliyevin və dövlətimizin prokurorluq orqanlarına qayğısını əks etdirən fotogüşə yaradılıb, müasir standartlara uyğun tikilmiş inzibati bina bütün zəruri avadanlıq, kompüter sistemi, kommunikasiyalar və mühəndis qurğuları ilə təchiz edilib, mebel və digər inventarlarla təmin olunub.

Baş prokuror həmçinin qeyd edib ki, son illər prokurorluq orqanlarında sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görülüb, dövlətçilik, qanunçuluq prinsipləri önə çəkilib. Nəticədə prokurorluğa ictimai etimad artıb, onun nüfuzu daha da yüksəlib.

Prokurorluq orqanlarının formalaşmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışan Baş prokuror son illər ölkəmizdə hüquq quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən söz açıb, demokratik cəmiyyətdə prokurorluğun rolunun artmasının vacibliyini vurğulayıb.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov prokurorluq orqanlarının əməkdaşlarını Azərbaycan Prokurorluğunun yaradılmasının 100-cü ildönümü münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. O, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, qanunçuluğun təmin edilməsində, cinayətkarlıqla mübarizədə prokurorluq orqanlarının rolunu yüksək qiymətləndirib.

Prezident İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi diqqət və qayğıdan söz açan Sumqayıt şəhər prokuroru Sərdar İmanov prokurorluq əməkdaşları üçün tikilən yeni binanın istifadəyə verilməsini prokurorluq əməkdaşlarının əməyinə verilən yüksək qiymət kimi dəyərləndirib.

 

Sonra mərasim iştirakçıları Sumqayıt şəhər prokurorluğu üçün yeni tikilmiş binada yaradılan şəraitlə tanış olublar.

Sentyabrın 29-da isə Gəncə şəhər prokurorluğunun yeni inşa olunmuş inzibati binası istifadəyə verilib.

İnzibati binanın açılışında Baş prokurorun birinci müavini Rüstəm Usubov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və hüquq mühafizə orqanlarının əməkdaşları, ədliyyə işçiləri iştirak ediblər.

Baş prokurorun birinci müavini R.Usubov prokurorluq orqanlarının yaradılmasının 100 illik yubileyi münasibəti ilə rayon prokurorluğunun əməkdaşlarını təbrik edərək məlumat verilib ki, Xətai prospekti ilə Vaqif küçəsinin kəsişməsində inşa olunan bina 4 mərtəbədən ibarətdir. Müasir standartlara uyğun tikilmiş inzibati bina bütün zəruri avadanlıq, kompüter sistemi, kommunikasiyalar və mühəndis qurğuları ilə təchiz edilib, mebel və digər inventarlarla təmin olunub.

R.Usubov həmçinin qeyd edib ki, Azərbaycan Prokurorluğunun demokratik məzmunda tamamilə yenidən formalaşması, mili maraqlarımıza xidmət edən bir təsisat kimi hərtərəfli təkmilləşməsi və müasirləşməsi məhz ulu öndər Heydər Əliyevin həyata keçirdiyi dövlətçilik siyasəti və onun gündəlik qayğısı nəticəsində mümkün olub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov prokurorluğun əməkdaşlarını peşə bayramları münasibəti ilə təbrik edərək, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, qanunçuluğun təmin edilməsində, cinayətkarlıqla mübarizədə prokurorluq orqanlarının rolunu yüksək qiymətləndirib.

Hər iki tədbirdə xüsusilə vurğulanıb ki, Sumqayıt və Gəncə şəhər prokurorluqlarının inzibati binalarının istifadəyə verilməsi çox əlamətdar bir dövrə - Azərbaycan Respublikasının prokurorluq orqanlarının yaradılmasının 100 illiyinə təsadüf edir.

Tədbirlərdə iştirak edən prokurorluq əməkdaşları dövlətin onlara göstərdiyi yüksək etimadı doğruldacaqlarına, qarşıya qoyulan vəzifələri bundan sonra da əzmlə yerinə yetirəcəklərinə inam ifadə ediblər.