| Xəbər 2137 dəfə oxunub
Tanınmış həkim soyuqdəymə və qripdən qaçmağın yolunu göstərdi

Payız fəslinin gəlişi ilə havaların tez-tez dəyişkən olması soyuqdəymə və qrip hallarını artırıb. Bunların qarşısını almaq üçün nələrin edilməsi, nələrə əməl olunması, immuniteti necə qaldırmaqla bağlı həkimlərin bir sıra tövsiyələri var.

Bəzi fikirlərə görə, infeksion xəstəliklərə qarşı orqanizmin müqavimətini gücləndirmək üçün soyuq havalarda ət məhsullarına üstünlük verilməlidir. Belədirmi? 

Tanınmış həkim, təbii müalicə üsulu üzrə mütəxəssis Seyfəddin Əsəd qəzetimizə bunları dedi: “Arıçılarda qrip olmur. Yəni arı sancdıranda immunitet ən yüksək səviyyədə olur. Arı zəhəri qədər immuniteti qaldıran ikinci bir şey yoxdur. Arı məhsulları-bal, çiçək tozu, arı südü, propolis də immuniteti qaldırır. Bundan başqa, çoxlu meyvə-tərəvəz, göyərti qəbul etmək lazımdır. Maksimal dərəcədə ət xörəklərini - qırmızı əti azaltmaq vacibdir. Eyni zamanda, çoxlu hərəkət etmək lazımdır. Xəmir xörəklərinin azaldılması da vacibdir. Bundan əlavə, eyni vaxtda isti-soyuq duşu dəqiqə, saniyə ilə artırıb qəbul edən adamlar dözümlü olur. İndi Günəşə aldanmaq olmaz. Çünki artıq revmatizm başlayan dövrdür. Revmatik xəstəliklər kəskinləşir, həmçinin qrip viruslarının yayılması üçün şərait yaranır. Evdə adi sarımsağı, soğanı doğrayıb stolun üstünə qoyanda onların viruslarını özünə çəkir və məhv edir. Uşaqlara hər gün sarımsaq və ya soğan yedirtmək öz müsbət nəticələrini verir. Bir daha bildirirəm ki, çoxlu meyvə-tərəvəz, göyərti, qatıq, şor, pendir, maksimal dərəcədə qırmızı ətdən qaçmaq, çoxlu hərəkət etmək, duş qəbulu, üzgüçülük, bal immunitetin şahıdır”.