|
Seçki, Qarabağ, legitimlik... – Paşinyanın qəliz üçməchullu tənliyi

Ötən cümə Düşənbədə keçirilən MDB sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan qısa da olsa, ilk dəfə təkbətək söhbət elədilər. Qarabağ məsələsi ilə bağlı kifayət qədər gözlənilməz sayılacaq bəzi ilkin anlaşmalar əldə olundu. Söhbət xüsusən də hər iki tərəfin rəsmən təsdiqlədiyi kimi, atəşkəs rejiminin möhkəmlənməsinə yönəlik, iki tərəf arasında müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmin yaradılmasından gedir.

Belə bir anlaşmanı növbədənkənar parlament seçkilərini maksimum qısa zamanda keçirmək istəyən düşmən ölkə rəhbərinə rəsmi Bakının verdiyi unikal “taym-aut” kimi də qiymətləndirmək olar. Azərbaycanın bu jesti əslinə qalsa, həm də Qərbə, Ermənistanda demokratik dəyişikliklərə ümid edən “demokratiya paytaxtları”na ünvanlanıb. O mənada ki, Qərbdə Azərbaycanın Ermənistandakı “demokratik prosesə” mane olması qənaəti yaranmasın. Eyni zamanda, bu, Paşinyan hökumətinə Dağlıq Qarabağ məsələsində absurd və maksimalist mövqe deyil, konstruktiv yanaşma sərgiləmək üçün verilən bir avansıdır. Ola bilsin, həm də sonuncu avans. Görək ondan necə istifadə olunacaq?

Bakının bir hədəfi də budur ki, işğalçı ölkədə hakimiyyət dəyişikliyi, seçkilər tezliklə başa çatsın, “keçid dövrü” uzanmasın və Dağlıq Qarabağ məsələsində süni əngəl aradan qalxsın, İrəvanda konkret kiminlə danışıq aparılması dəqiqləşsin.

*****

Gələn xəbərlərə görə, Ermənistanın yeni iqtidarı növbədənkənar parlament seçkilərini məhz bu ilin axırında keçirməkdə maraqlıdır, nəinki gələn ilin mayında. Bir səbəb də hakimiyyətə inqilab yolu ilə gələn N.Paşinyanın reytinqinin gələn maya kimi azalması ehtimalıdır. Siyasi rəqibləri bunu çox gözəl bilir və bu səbəbdən seçkilərin tarixinin maksimum uzanmasına çalışırlar. Başqa yandan, hazırkı parlamentdə Serj Sərkisyanın Respublikaçı Partiyası onsuz da çoxluqdadır. Bu da o anlama gəlir ki, Paşinyanın “ayağı” büdrəyən kimi, müxalif qüvvələr hər an siyasi revanş götürüb onu hakimiyyətdən uzaqlaşdıra, ona sürpriz edə bilər. Paşinyan həm də bu səbəbdən tələsir.

Erevan ile ilgili görsel sonucu

“Sabahdan etibarən növbədənkənar parlament seçkisi ilə məşğul olacağam”. Belə bir açıqlamanı ötən həftəsonu özünün facebook səhifəsindəki canlı yayım zamanı Nikol Paşinyan verib. Sitat: “Bu məsələni parlament qüvvələri ilə müzakirə etmək lazımdır. Ümid edirəm ki, razılığa gələcəyik. ”Mənim addımım" bloku İrəvan meri seçkilərində 81 faiz səs toplayıb. Bu, cəmiyyətin erkən parlament seçkisi tələb etməsi üçün yüksək səviyyədir".

O, həmçinin Rusiya-Ermənistan münasibətlərindəki keçid dövrünün başa çatdığını söyləyib: “Rusiya prezidenti ilə aramızda qarşılıqlı anlayış var. Bu, o demək deyil ki, bütün məsələlərlə bağlı razılaşmışıq. Mən düşünürəm ki, bizim münasibətlərdə həlledilməz problem yoxdur. Biz istənilən məsələni bir-birimizin suverenliyinə hörmət əsasında müzakirə edə bilərik”.

Lakin Rusiyanın hədəfi Moskvaya loyal olan qüvvələrin yeni parlamentdə çoxluqda olmasıdır, nəinki Paşinyan başda olmaqla “Amerikanın, Sorosun uşaqları”nın. Bu mənada erməni baş nazirin iddia elədiyi kimi, Rusiya-Ermənistan münasibətlərindəki keçid dövrü başa çatsa belə, Kremlin Paşinyan rejimi ilə barışdığını söyləmək tezdir. Çox şey hələ qabaqdadır. Daha dəqiqi, Paşinyan və komandasını Rusiya amili də nəzərə alınmaqla kritik bir seçki sınağı gözlədiyini əminliklə söyləmək mümkündür.

paşinyan ile ilgili görsel sonucu

Söz yox ki, onun siyasi və hərbi opponentləri, ilk növbədə eks-prezidentlər - Moskvanın sadiq adamları sayılan Serj Sərkisyan və Robert Köçəryan, yaxud onların himayə elədikləri qüvvələr böyük maliyyə resurslarını işə salmaq da daxil, Rusiyanın rüsxəti ilə əllərindən gələni edəcək ki, hakim qüvvə yeni parlamentdə çoxluq qazanmasın.

*****

“Ermənistanın baş naziri Nikol Paşinyanın növbədənkənar seçki qərarı parlamentdəki digər qüvvələrin birləşməsinə səbəb olacaq”. Bunu “Sputnik Ermənistan” portalına açıqlamasında erməni politoloq Yervand Bozoyan deyib (axar.az).

“Nikol Paşinyanın hədəfi aydındır. Baş nazir çalışır ki, İrəvan Şəhər Şurasında toplanılan 81faizlik səsi maddiləşdirib kapitala çevirsin. O, parlamentə təzyiq yaradaraq, ən qısa vaxt ərzində seçki keçirmək istəyir. Respublikaçı Partiyası və digər qüvvələrə gəlincə isə onlar parlamenti növbədənkənar seçki keçirəcəyi təqdirdə tam tərk edəcəyindən qorxurlar. Məhz bu perspektiv digər parlament qüvvələrini birləşdirə bilər. Üstəlik, Paşinyan BMT-dəki çıxışı zamanı onun komandasında 9 yox, 4 nəfərin olduğunu göstərdi. Bununla Paşinyan ”Yelk" Blokundakı digər partiyaların artıq onunla olmadığını bildirdi. Faktiki olaraq, Paşinyan bütün parlamenti ələ almaq istəyir. Paşinyanın keçmiş dostlarının “Luys” Bloku isə anlayır ki, əgər yaxın zamanlarda seçki baş tutsa, onlar parlamentə daxil olmayacaqlar. Beləliklə, indiki zamanda növbədənkənar seçki yalnız Paşinyana sərf edir", - deyə o bildirib.

paşinyan ile ilgili görsel sonucu

O, həmçinin bütün tərəflərin seçkinin may ayında olacağına dair razılaşacağını bildirib: “Əgər seçki dekabrda baş tutsa, o zaman bir avtoritar sistem digərini əvəzləyəcək. Bu fikirlə Paşinyanı dəstəkləyən bütün qüvvələrin hamısı razılaşır”.

*****

Başqa sözlə, Paşinyan üçün legitimlik məsələsi də indi xüsusi önəm kəsb edir. İlin sonuna isə cəmi üç ay qalır. Bəs erməni baş nazir qarşıdakı üç ayda həm daxili elektoratın və siyasi kəsimin qəbul edəcəyi, həm də Qərbi razı salacaq azad demokratik seçkilər keçirib, hakimiyyəti üçün beynəlxalq aləmdə legitimliyi təmin edə biləcəkmi, yoxsa deyildiyi kimi, işğalçı ölkədə bir avtoritar rejimi digəri əvəzləyəcək? Ümumiyyətlə, o, üçməchullu seçki, Qarabağ və legitimlik tənliyini necə çözəcək?

Suallara cavab tapmaq çətin olsa da, bir şey aydındır: bütün hallarda bu tənliyin həlli Qarabağ məsələsinin həllini yaxınlaşdırmaqdan, qonşu Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmaqan keçir. İndilikdə isə Paşinyan və komandası üçün hər mənada gerisayım başlayıb...

“Yeni Müsavat”