|
Ekspert: Azərbaycanla Rusiya nə qədər yaxın olursa, regionumuza kənar müdaxilələr bir o qədər zəif olur

Ermənistan regionumuzda forpost dövlət kimi əhəmiyyətini sürətlə itirdikcə strateji tərəfdaş ölkə olaraq Azərbaycanın rolu və mövqeyi güclənir. Bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Bakıya sonuncu səfərinin yekunları bir daha təsdiqlədi.

Bunu Trend-ə açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

A.Quliyev qeyd edib ki, Azərbaycan-Rusiya strateji tərəfdaşlığının dönməz xarekter alması və artan dinamikaya malik olması indi regionumuzda dünyanın hər qütbündən aydın görünən fenomenə çevrilib: "Azərbaycan-Rusiya əməkdaşlığı özünün xarekterinə görə bölgəmizdəki digər ikitərəfli formatlardan xeyli fərqlənir. Azı 200 illik fasiləsiz tarixə malik Azərbaycan-Rusiya münasibətləri bütün regionun taleyinə təsir göstərmək gücündədir və göstərir, regionda sülh və təhlükəsizliyin mütləq çox hissəsi bu amildən asılıdır. Azərbaycanla Rusiya nə qədər yaxın olursa, regionumuza kənar müdaxilələr bir o qədər zəif olur".

Ekspert bildirib ki, Azərbaycan-Rusiya əməkdaşlığı iqtisadi, siyasi, maliyyə, bank, turizm, mədəniyyət, humanitar sahələri əhatə etməklə özünün hərtərəfli xarekteri ilə seçilir və bu cəhətdən bir çox başqa formatlar üstələyir:

"Digər ölkələrin münasibətlərində rast gəlinməyən regionlararası əməkdaşlıq Azərbaycan-Rusiya formatı üçün yeni və özünü doğruldan üsuldur, artıq dövlətlərarası münasibətlərin tərkib hissəsinə çevrilib. Vladimir Putinlə İlham Əliyevin bir-birilərini yaxşı başa düşmələri və yüksək şəxsi münasibətlərə malik olmaları, habelə genişlənən və dərinləşən dövlət əlaqələri bu gün Rusiya-Azərbaycan münasibətlərinin xarakterini müəyyən edən əsas faktorlardır".

Onun sözlərinə görə, V.Putinin təxirə salınmış İrəvan səfəri fonunda Azərbaycana ən son gəlişi növbəti dəfə sübut edir ki, Azərbaycan regionda Rusiyanın əsas strateji tərəfdaşı kimi mövqeyini sürətlə möhkəmləndirir:

"Rusiya lideri bu kontekstdə Azərbaycanın potensialında hələ böyük perspektivlər gördüyünü gizlətmir. Azərbaycan-Rusiya əlaqələrini dərinləşdirən bir amil də odur ki, Azərbaycan özünün qoşulmama siyasətinin səmimililiyinə və Rusiya ilə mənafelərdə balansı qorumaq siyasətinin davamlı olacağına Rusiyanı inandıra bilib. Təkcə bu amil regionda forpost ölkə kimi Ermənistanın gərəkliliyini getdikcə azaldır. Regionda Ermənistan kimi sürüşkən forpost ölkədənsə Azərbaycan kimi daimi balans gözləyən və qoşulmayan strateji tərəfdaşın üstün olduğu təsdiqlənir, Rusiya elitasında indi buna daha çox inanırlar".