|
Saleh Məmmədov: Azərbaycanda yol tikintisinə ayrılan vəsaitlərə ciddi nəzarət olunur

Bu ilin 8 ayı ərzində Avtomobil Yolları Dövlət Agentliyi 230-a yaxın maşın-mexanizm alıb.

Trend-in məlumatına görə, bu barədə Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

S.Məmmədovun sözlərinə görə, həmin maşın-mexanizmlər həm dövlət büdcəsindən, həm də xaricdən ayrılan qrantlar hesabına alınıb və artıq istifadə olunur.

 

Qurum rəhbəri həmçinin əlavə edib ki, bu gün ölkənin avtomobil yollarının çəkilişində Dövlət Agentliyinin 11 müəssisəsi iştirak edir.

S.Məmmədov bildirib ki, avtomobil yollarının tikintisinə ayrılan vəsaitlərin səmərəli xərclənməsinə ciddi nəzarət olunur: "Avtomobil yolunu çəkən hər hansı müəssisə bilir ki, o yolda problem çıxsa, həmin problemi öz daxili vəsaitləri hesabına həll etməlidirlər və bu da onlara çox baha başa gələcək."