|
Fazil Mustafa: UNEC-in dəyərləri daşıdığı məsuliyyətin sərhədlərini tanıdır

Hər bir qurumun fəaliyyət prinsipləri və ya önə çıxarılan dəyərləri onun gələcək uğur modelinin təminatçısına çevrilir. UNEC Azərbaycan təhsil sistemində və universitet modelinin tanıtımında ciddi yeniliklərə imza atmaqla kifayətlənməyən, öz missiyasını daha irəli götürmək istəyən bir təhsil brendidir. Öz dəyərlərini də müəyyən edərkən, sanki hədəflərində nə dərəcədə ciddi olduğunu göstərməyə çalışır. Birinci sıralamada Akademik azadlığın olması elmdə düşüncə hürriyyətinin bir dəyər olaraq önə çəkilməsinə bir işarədir. Çünki bütün kəşflərin, ixtiraların, ideyaların mənbəyində məhz düşüncə azadlığının effektivliyi amili yer alır. Akademik etika birbaşa elm mədəniyyəti ilə bağlıdır, elmi oğurluq tendensiyasının qarşısında qətiyyətli duruşu ehtiva edir. Layiqlik dəyəri yalnız layiq olanın elm mərtəbəsində yüksəliş imkanlarını tanımağı bəyan edir. Şəffaflıq, mükəmməllik, keyfiyyətlilik, iştirakçılıq, fərqliliklərə hörmət, cəmiyyət mənafeyini düşünmək və ekoloji həssaslıq kimi dəyərlər sadəcə sıralamanı doldurmaq üçün düşünülməmiş, UNEC-in cəmiyyət qarşısında üzərinə götürdüyü məsuliyyətin altında qalıcı bir imza kimi yer almışdır. UNEC bunlarla yalnız fəaliyyətində prioritet saydığı dəyərlərini göstərmir, eyni zamanda daşıdığı məsuliyyətin sərhədlərini də tanıdır. Bu dəyərlərin işlək və qalıcı olması üçün yalnız UNEC-in səyləri yetərli deyil, cəmiyyətin maarifçilik impulslarının nə dərəcədə dinamik olması da vacib şərtlərdən sayılmalıdır. Fikrimcə, UNEC-in novatorluğu Azərbaycanda təhsil düşüncəsini rasionallaşdırdığı kimi, fəaliyyəti üçün əsas götürdüyü dəyərlər də digər ali təhsil quruluşları tərəfindən faydalı nümunə kimi öyrənilə bilər.