|
Aydın Abbasovla bağlı sensasion iddialar

Baş nazirinin sabiq birinci müavini Abbas Abbasovun oğlu Aydın Abbasovun Bakıda hüquq-mühafizə orqanları tərəfindən saxlanılması haqda bir müddət öncə xəbər vermişdik. Ötən ayın sonlarında sabiq deputat Aydın Abbasovun Türkiyədən Bakıya gələrkən Hava Limanında saxlanılaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılması xəbəri yayılmışdı. Aydın Abbasovun hansı səbəbdən saxlanıldığı açıqlanmasa da, onun istintaq altında olduğu, dindirilməsi haqda xəbərlər vardı.

“Azpolitika.info” saytı Aydın Abbasovun saxlanılma səbəbini öyrənməyə çalışsa da, rəsmi olaraq bu haqda hər hansı informasiya verilməmişdi. Lakin bu məlumat yayılandan sonra təkzib də olunmadı. Abbasovların və hüquq-mühafizə orqanlarının susqunluğu bu günə qədər davam edir. Bu da hazırda hər iki tərəfin gözləmə mövqeyində olduğunu, Aydın Abbasovla bağlı konkret qərarın verilmədiyini düşünməyə əsas verir. Belə xəbərlər var ki, Abbas Abbasov Bakıda saxlanılan oğlunu Azərbaycana səfərə gələn Rusiya prezidenti Vladimir Putinin xahişi ilə azad etdirmək istəyir. Bir məsələni də diqqətə almaq lazımdır ki, Abbas Abbasov vəzifəsindən çıxarılandan sonra Rusiyada məskunlaşıb. Rusiyanın Azərbaycanla bağlı projelərində yer alıb. Bu da təbii ki, rəsmi Bakının maraqlarına uyğun olmayıb. Odur ki, Abbas Abbasovun ölkəyə gəliş-gedişi də yoxdur. Baş nazirin sabiq müavini vəziyyəti dəyişmək, rəsmi Bakı ilə münasibətlərini istiləşdirmək üçün zaman-zaman cəhdlər etməsi xəbərləri də gəlib. Onun xahişini çatdıranlar sırasında 2017-ci ilə qədər Dağıstan prezidenti olan Ramazan  Abdulatipovun adı çəkilib. Bu da təsadüfi deyil.  Rusiya mətbuatında bu mübhəm dostluqla bağlı müxtəlif rəylər vardı.  Dağıstan rəhbəri Abbas Abbasovla dostluq münasibətlərinə görə hətta açıq tənqid olunurdu. Məsələn, “Dostunuzu göstərin, kim olduğunuzu deyim” başlıqlı müəllif yazısından sitat: “Dağıstan rəhbərinin dostları sırasında Abbas Abbasov kimi intriqaçı, təxribatçı və burnunu hər yerə soxan bir şəxs varsa, onda onu hansı aqibət gözləyəcəyi bəri başdan bəlli olur. Abbas Abbasov ölkəsi Azərbaycanda da sevilmir. Bu şəxsdən uzaq durmaq lazımdır. Əgər Abdulatipov yaxın vaxtlarda Abbasovla dostluğuna son qoymasa, onun “papağı” yerə düşəcək”. Bu yazıdan az sonra R.Adbulatipov vəzifəsindən getdi. Abbas Abbasov oradakı biznesini dondurmaq məcburiyyətində qaldı. Bu ilin avqustunda Bakı Hava Limanında saxlanılan Aydın Abbasov Dərbənddə  çoxmərtəbəli VİP yaşayış kompleksi inşa etdirirdi. Abdulatipovun istefaya göndərilməsindən sonra Azərbaycan mətbuatında “Abbas Abbasovun “krışası” vəzifədən getdi” kimi sərlövhəli yazıların dərci də təsadüfi deyildi. Sirr deyil ki, Abdulatipov zamanında rəsmi Bakıdan “Abbasın bağışlanılması” xahişini etsə də, ona “yox” cavabı verilmişdi.

Bu gün Ramazan Abdulatipovu Rusiya prezidentinin Xəzəryanı ölkələrlə humanitar və iqtisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsidir. Yəni Abdulatipov sabiq vitse-primyerin oğlunun xahişini Putinə indi də çatdıra bilər.

Belə xəbərlər var ki, Aydın Abbasovla bağlı hazırda hər hansı istintaq hərəkəti aparılmasa da, o, hüquq-mühafizə orqanlarının nəzarəti altındadır. Onun təcridxanada olduğunu deyənlər də var, ev şəraitində nəzarət altında saxlanıldığını iddia edənlər də. Xatırladaq ki, Aydın Abbasov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev silahlı hücuma məruz qalarkən, “facebook” üzərindən bu hadisəni bir növ təqdir edən paylaşım etmişdi. Bizə verilən məlumata görə, A.Abbasovun adı Gəncə hadisələri ilə bağlı cinayət işində rəsmən keçir…