|
Payız turizmi başlayır -

Bakı rusların 2018-ci il üçün MDB şəhərlərinə payız səyahəti reytinqində üçüncüdür. Reytinq “TurStat” analitik agentliyi tərəfindən hazırlanıb. Ekspertlərin hesablamalarına görə, rus turistlər payızda Azərbaycana və Bakıya orta hesabla 3 günlük gəlirlər. Onlar bir gün üçün yemək və qalmağa 30-80 dollar arası pul xərcləyirlər.

Aşağıda payız səyahəti üçün məşhur olan MDB ölkələrinin şəhərləri təqdim olunub. Turistlərin 2018-ci ilin payız fəsli üçün seçdiyi ən yaxşı 10 MDB şəhəri:

Minsk (Belarus)

Astana (Qazaxıstan)

Bakı (AZƏRBAYCAN)

İrəvan (Ermənistan)

Daşkənd (Özbəkistan)

Almatı (Qazaxıstan)

Bişkek (Qırğızıstan)

Kişinyov (Moldova)

Düşənbə (Tacikistan)

Aşqabad (Türkmənistan)

Keçək bizim payız turizminə. Turizm eksperti Sənan Mehdiyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ümumiyyətlə, payız mövsümündə tətilə çıxmağın üstün cəhətləri çoxdur. Birincisi və ən önəmlisi, payızın gəlişi ilə tətil bölgələrində, hotellərdə bir sakitlik başlanır. Bir tətilin vazkeçilməz atributları olan gəzinti, üzmə və kitab oxumaq daha xoş bir hala gəlir. Hoteldə yemək, çimərlikdə isə şezlonq növbəsinə girməkdən bezənlər üçün payız tətili çox gözəl bir seçim olur: “Yayda yer tapa bilmədiyiniz, rezervasiya belə etməkdə çətinlik çəkəcəyiniz məkanlara payızda rahatlıqla gedə bilirsiniz. Bu, xüsusən də Türkiyənin istirahət bölgələri üçün keçərlidir. Normal şərtlərdə rezervasiya belə etməkdə çətinlik çəkəcəyiniz, getdiyiniz halda ”bu qədər pul verdim, amma diqqət, qayğı aşağı səviyyədə idi" deyəcəyiniz məkanlar üçün payız mövsümündə axtarlan müştəri ola bilərsiniz. Daha yaxşı bir masada oturub daha çox diqqət görə biləcəyiniz, hətta qiymətdə sövdələşməyə gedəcəyiniz məkanlar çox olacaq".

Müsahibimiz payız fəslində hotel qiymətlərinin də ucuz olduğunu dedi. Məsələn, Türkiyədə hotel qiymətləri əsasən iyul və avqust aylarında çox yüksək olur. Sentyabrda isə qiymətlər düşür. Bundan başqa, təyyarə biletləri də basabas yay mövsümündə olduğu qədər bahalı olmaya bilər: “Həm şəhərlərarası yollar, həm də tətil bölgələrindəki nəqliyyat daha rahat olur. Şəhərlərarası yollar sakitləşir. Yaydakı qələbəliyə görə gəzə bilmədiyiniz bir çox yerləri payızda rahatlıqla kəşf edə bilərsiniz”.

payızda turizm ile ilgili görsel sonucu

Bütün bunlar payız tətilinin özəlliklərindən biridir. Məntiqlə, əgər məktəbə gedən uşaqlarınız yoxsa (bu halda payızda tətil etmək mümkün görünmür) rahat, beyninizi dincəldəcək tətil payızda edilsə yaxşıdır. Bütün şərtlər bu tətilin daha uğurlu və dinclik gətirən olacağına işarə verir.

Ərəblər də Azərbaycanı payızda tərcih edir - səbəb

Azərbaycan Mədəniyyət Nazirliyinin Fars körfəzi ölkələrindəki nümayəndəliyinin rəhbəri Rəşid əl-Nuri payızda Azərbaycana səfər etməyi məsləhət görür. Bu barədə nazirliyin rəsmi saytında da məlumat verilib. Onun sözlərinə görə, Azərbaycan payızda son dərəcə nadir gözəlliyə malik olur: “Biz - Fars körfəzi ölkələrində yaşayanlar adətən payızın gözəlliyini görə bilmirik. Payızda təbiət gözəlliyi axtaran şəxslər üçün Azərbaycan əlverişli ölkədir. Bu fəsildə Azərbaycanda bir gündə sakit, günəşli hava ilə yağışlı hava bir-birinə qarışır. Xəzər dənizi hələ də isti olacaq. Bu fəslin əvvəllərində Azərbaycanda hava yaydakı kimidir - yaşıl meşələr, parklar, bağlar. Yalnız oktyabrın sonlarından etibarən yarpaqların rəngi dəyişməyə başlayır”.

Payızın bu cür gözəlliyi onu Azərbaycana səfər üçün ən ideal fəsilə çevirir. Siz Azərbaycanın ən mənzərəli kəndlərindən birinə səfər edə, yaxud şəhərdə qalıb payızın gözəlliyindən həzz ala bilərsiniz. Aydındır ki, əgər payızda Azərbaycana yollanmaq qərarına gəlsəniz, qonaqpərvərlik və xeyirxahlıq ab-havası ilə əhatə olunacaqsınız.  Rəşid əl-Nuri deyir ki, payız fəsli boyunca Azərbaycanda heyva, xurma, əzgil və nar kimi meyvələr bol olur. Bundan başqa, bu sakit, gözəl ölkədə qaldığınız, oranın mədəniyyətdən həzz aldğınız zaman əncir, qarpız, zoğal, armud və almalardan bol vitamin alacaqsınız: “Payız fəsli məhsul yığımı dövrüdür. Bu dövrdə təbii meyvələrdən və təzə, halal mətbəxdən faydalana bilərsiniz. Bundan başqa, göbələkləri və müxtəlif məftunedici bitkiləri sevən şəxslər mənzərəli meşələrə yollana, orada bu bitkiləri əldə edə bilərlər. Bütün bunlar Fars körfəzi ölkələri üçün qeyri-adi haldır. Azərbaycanda sakit göllər, müalicəvi bulaqlar və dövlət tərəfindən qorunan meşələr var. Bütün bunları və təbiətin bizə verdiyi mükafatı elə bu payız görə bilərsiniz. Azərbaycan təbiəti ən təcrübəli səyahətçiləri belə, heyran edəcək”.

payızda turizm ile ilgili görsel sonucu

Rəşid əl-Nuri Azərbaycanda ovçuluq turizminin olduğunu da deyir. Məlumdur ki, ovçuluq turizmi Fars körfəzi ölkələrində yaşayan insanlar üçün çox maraqlıdır. Onun sözlərinə görə, ovçuluq səyahətini planlaşdırmaq üçün ilk addım olaraq, harada hansı heyvanı ovlamaq istədiyinizi müəyyənləşdirməlisiniz: “Bu zaman qanunun tələblərini də yerinə yetirməlisiniz. Amma ovçuluqla maraqlanmayanlar da məyus olmasın. Çünki onlar Qəbələ Atıcılıq Klubunda atıcılıq daxil olmaqla, çoxsaylı əyləncələrdən zövq ala bilərlər”.

Azərbaycanlılar payızda hara və neçəyə gedirlər?

Bir neçə turizm agentliyinin payız turları ilə tanış olaq. “Yeni Müsavat” xəbər verir ki, payızda ölkədaxili turlarla yanaşı, Avropa turları da xeyli populyardır. Turizm agentliklərindən biri 28.10-31.10.2018 tarixlərində Dubay turu təklif edir. 295 dollar məbləğindəki tur 3 gecə, 4 gün təşkil edir və tura biletlə yanaşı, hotel xidmətləri də daxildir.

Avropa qrup turu  isə 350 avrodur. Bu turda 6 ölkəyə səyahət etmək mümkündür. Macarıstan, Slovakiya, Almaniya, Avstriya, Fransa, İsveçrəni əhatə edən tura aviabilet daxil deyil. Bakıdan birbaşa Misirə getmək 589 dollarlıq paketlə mümkündür.

Havana - Kubanın tarixini özündə saxlayan paytaxt şəhəri isə daha çox varlıların sevdiyi tətil variantları arasındadır. 1239 dollardan başlayan, bir həftəlik tura aviabiletlə yanaşı, bütün məsrəflər də daxildir. Barselona - İspaniyanın ən gözəl və səliqəli şəhərinə 8 günlük səyahət: 1050 avro məbləğində. 3 ulduzlu hotellərdə gecələmə ilə baş tutan səfərə bilet qiyməti də daxildir. İspaniya qrup turu isə 995 avro təşkil edir.

Hazırda yaxın istiqamətlərdən Dubaya və Misirə turlar üstünlük təşkil edir. Bu turlarda qiymət Dubayda 550 AZN-dən, Misirdə isə 510 AZN-dən başlayır. Qeyd olunan qiymətlərə hotel, qidalanma, aviabilet və sığorta daxildir. Bundan başqa, payız həm də Bali üçün yaxşı fəsildir amma o istiqamətlərdə olan aviabiletlər baha olduğu üçün (1300 AZN-dən başlayır) turistlə bu məkana üstünlük vermir.

Türkiyədə Antalya və Bodrum mövsümü sona çatsa da İstanbul üçün ən ideal zamandır. Bu turların ilkin qiyməti 440-AZN göstərilir. Bu fəsildə insanlar daha çox Türkiyə (İstanbul) və Rusiya (Moskva) istiqamətlərinə bilet alır. Bilet qiymətləri hər gün dəyişsə də, təxmini qiymət gediş-dönüş üçün Türkiyəyə 400 AZN-dən, Rusiyaya isə 350-AZN-dən başlayır. Avropa ölkələrinə uçuşlarda isə insanlar “Wizzair” aviaşirkətinin ucuz biletlərinə üstünlük verir. Digər aviaşirkətlərdə Avropa üçün qiymətlər 600 AZN-dən başlayır. İsti ölkələr olan Dubay və Misirə tarixdən asılı olaraq 400 AZN-ə bilet əldə edə bilərsiniz.

İnsanlar payızda daha çox qrup turlarına üstünlük verirlər. Macarıstan, Çexiya, Avstriya payızda üstünlük təşkil edən ölkələrdir. Turistlər bu ölkələrə aviabiletsiz turları 500 AZN-dən başlayan qiymətlərlə əldə edə bilər.

Amma ölkədaxili turları da yaddan çıxarmaq olmaz. Quba, Qəbələ, Şəki turistlər tərəfindən daha çox səyahət edilən rayonlardır. Bu, həmin rayonların otellərindəki kampaniyalar və təkliflərlə bağlıdır. Eyni zamanda Qubada keçirilən “Alma festivalı”, Göyçayda baş tutacaq “Nar festivalı” da turist axınına səbəb olur. Rayon turlarının qiymətləri 21 AZN-dən başlayır. Bu turlara səhər yeməyi, nəqliyyat, ekskursiyalar və əyləncəli oyunlar daxildir.

Payız aylarında təklif olunan turpaketlər üçün turizm agentlikləri indidən endirimlər edirlər. Yay aylarında 1500 manata təklif edilən qiymətlər hazırda yarıbayarı enib. Azərbaycanlılar payız aylarında daha çox müalicə məqsədi ilə səfər gerçəkləşdirir. Avropa ölkələrinə təşkil edilən turpaketlərin qiymətlərində özünü göstərən ucuzlaşma da aviabilet və otel xərclərinin azaldılması ilə bağlıdır.

Biz payızda Avropaya, bəs avropalılar haraya?

Hesab edək ki, maddi imkanı olan azərbaycanlılar üçün Avropa payız turizmi üçün ideal məkanlardandır. Bəs avropalılar, eləcə də dünya insanı üçün payız turizminin vazkeçilməz məkanları hansılardır?

Toskana, İtaliya

Toskanada gözəl payız təxminən sentyabr ayının axırıncı həftəsində başlayır və demək olar ki, dekabr ayının sonunadək davam edir. Şərab və qastronomik festivallar, təbii dombalan və göbələklər, möhtəşəm hava və rəngarəng üzüm bağları - bunlar hamısı payızda turistləri gözləyir.

Praqa, Çex Respublikası

Payızlı Praqa şəhərini ziyarət etmək səbəbi, sadəcə, onun payız aylarında şəhərin üzərinə sıx və demək olar ki, mistik dumanların enməsidir. Payız aylarında Praqada sıx turist axını olmur, şəhəri turistlərin yay izdihamı tərk etdiyi üçün, onun ensiz küçələrində və romantik sahillərində gəzmək daha gözəl olur.

Şvarsvald, Almaniya

Tünd yaşıl təpələri, qabıqlı meşələri və gölləri ilə, qədim kəndləri və üzüm bağları ilə, sıx dumanlı və rəngbərəng  bitkiləri ilə nağıllı meşə ölkəsidir. Payız aylarında xüsusilə “Qara Meşə” daha romantik olur - bacaların tüstüsü damların üstündən qaynaqlanır, meşə sahələri göbələk və meyvələrlə dolu olur, inanılmaz mənzərələr isə insanı heyrətə gətirir.

Durmitor Milli Parkı, Yunanıstan.

Sentyabr ayının əvvəllərində Yunanıstan Adriatikində çimərlik fəsli hələ də davam edir, lakin Durmitor dağlarında payız öz qaydalarını inamla irəli sürür. Qızılı təpələrdə qoyunlar və keçilər, xırda dağ kəndlərində qaymaq və pendir, açıq səma altında piknik, möhtəşəm Günəş doğuşu və təmiz sərin dağ havası burada sizləri gözləyir.

Kolmar, Elzas, Fransa

Bu şəhər “Kiçik Venesiya” adlandırılır, baxmayaraq ki, şəhər daha çox alman gözəlliyinə bənzəyir: güllər və oyuncaqlarla bəzədilmiş evciklər kanal sahillərinə sıxılıblar. Fransada payızın turistik mövsümü avgust ayının axırlarında başlayır. Həmin vaxt  tətil və məzuniyyətlər bitir, lakin rəsmi olaraq payız sentyabr ayının axırlarında başlayır, Kolmarın ən yaxşı zamanı oktyabr ayıdır.

Madrid, İspaniya

Madridə səfər ispan paytaxtının birdəfəlik maraq mərkəzlərini ziyarət etmək və payız mənzərələri ilə həzz almaq üçün ən gözəl fürsətdir. Lakin nəzərə almaq lazımdır ki, sentyabr-noyabr ayları turizm baxımından Madriddə sıx mövsüm hesab edilir.

musavat