| Xəbər 2758 dəfə oxunub
Prezident İlham Əliyev: Azərbaycanda təhsil sahəsində aparılan köklü islahatlar səmərə verir, təhsilin keyfiyyəti artır

Azərbaycanda təhsil sahəsində aparılan köklü islahatlar səmərə verir, təhsilin keyfiyyəti artır.

Trend-in məlumatına görə, bunu Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak edən Prezident İlham Əliyev məktəbin bir qrup müəllim və şagirdi ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib ki, bu il bütövlükdə Bakı şəhərində 19 məktəb tikilib və əsaslı təmir olunub: “Demək olar ki, Bakı şəhərinin məktəblərinin əksəriyyəti artıq yaxşı vəziyyətdədir. Hələ də təmirə ehtiyacı olan məktəblər var və biz onları gələn illərdə təmir edəcəyik. Ölkəmizdə isə bu il 200-dən çox məktəb tikilib və təmir olunub. Ucqar kəndlərdə, kiçik kəndlərdə 137 modul tipli məktəb tikilib. O kəndlərdə ümumiyyətlə məktəblər qəzalı vəziyyətdə idi. Qəzalı məktəblərin sökülməsi və onların yerində yeni məktəblərin tikintisi proqramı da ümid edirəm ki, gələn il başa çatacaq. Beləliklə, Azərbaycanda məktəb fondu ən müasir standartlara cavab verəcək. İstəyirəm ictimaiyyət onu da bilsin ki, son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib. Bu, təhsil sahəsinə çox böyük töhfədir”.

İlham Əliyev vurğulayıb ki, məktəbdə uşaqlar yaxşı oxumalıdır. Bir halda ki, belə gözəl şərait var, burada təhsilin keyfiyyəti də yüksək olmalıdır: “Məktəb, eyni zamanda, müəllimlərin iş yeridir və müəllimlərin şəraiti də yaxşılaşır. Müəllim olmaq istəyənlərin sayı artır, müəllim peşəsinin hörməti artır və bu, çox sevindirici haldır. Çünki müəllim uşaqların, gənclərin tərbiyə olunmasında valideynlərlə bərabər aparıcı rol oynayır.

Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Mənə verilən məlumata görə, bu il 500-dən artıq bal toplayan 2 mindən çox abituriyent müəllim peşəsini seçib. Bu, müəllim peşəsinə olan marağın ən bariz nümunəsidir. Müqayisə üçün deməliyəm ki, 2016-cı ildə 500-dən çox bal toplayan abituriyentlərin cəmi 1 nəfəri müəllim peşəsini seçmişdi, indi isə 2 min. Bu, ilk növbədə, məktəb fondunun müasirləşdirilməsini, məktəblərin əksəriyyətində gözəl şəraitin olmasını, müəllimlərin məişət problemlərinin həllini göstərir. Son illər ərzində müəllimlərin maaşları əhəmiyyətli dərəcədə artıb və cəmiyyətdə müəllimə olan ənənəvi hörmət bərpa edilir. Bu, çox sevindirici haldır. Ona görə müəllimlərin problemlərinin həlli üçün gələcəkdə də işlər aparılacaq”.

Prezident bildirib ki, təhsil sahəsində aparılan köklü islahatlar səmərə verir, təhsilin keyfiyyəti artır: “Biz bunu müxtəlif göstəricilərdə görürük və ümid edirəm ki, bu uğurlu proses bundan sonra da davam etdiriləcəkdir. Uşaqlar isə yaxşı oxumalıdırlar, gələcəkdə cəmiyyətdə layiqli yer tutmaq üçün, ilk növbədə, gərək bilikli, savadlı olsunlar. Azərbaycanda ümumi savadlılıq səviyyəsi 100 faizə yaxındır. Bu, çox gözəl göstəricidir. Bu gün dünyada savad, bilik, texnologiyalar hər şeyi həll edir. Baxın inkişaf etmiş ölkələrin vəziyyətinə. Onların arasında ancaq yüksək texnologiyalara malik olan ölkələr var. Təbii ehtiyatlar, neft-qaz resursları - bunlar sadəcə olaraq bir vasitədir. Ölkələri inkişafa doğru aparan əsas amillər savad, bilik, texnologiyalar, innovasiyalar, yeniliklərdir. Ona görə Azərbaycanda gənclər çox bilikli, savadlı olmalıdırlar".

Dövlət başçısı deyib ki, Azərbaycanda müasir texnologiyalara çox böyük dəstək verilir, bu, dövlət siyasətidir: "İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı olmadan müasir cəmiyyətlər uğurlu fəaliyyət göstərə bilməz. Ona görə, ilk növbədə, uşaqlar maraqlı olmalıdırlar ki, yaxşı oxusunlar və gələcəkdə həm özləri üçün gözəl həyat qursunlar, həm ölkəmizin inkişafına töhfə versinlər. Əlbəttə ki, gənclərin tərbiyəsi ilə bağlı həm müəllimlər, həm valideynlər ciddi məşğuldurlar və mən bunu alqışlayıram. Azərbaycan gəncləri vətənpərvər gənclərdirlər və bundan sonra da bizim gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə almalıdırlar”.